İnflyasiya səngisə də, ərzaq ucuzlaşmır | |TƏHLİL

   İnflyasiya səngisə də, ərzaq ucuzlaşmır    | |TƏHLİL
  08 İyul 2024    Oxunub:1552
Statistikaya əsasən, ölkəmizdə 2021-ci ildən başlayan inflyasiya və bahalaşma tendensiyası səngiməkdə davam edir. Bu, sevindirici haldır. Lakin vətəndaşlar bunu hələ də hiss və təsdiq edə bilmirlər. Çünki 2021-2022-ci illərdəki bahalaşma və inflyasiya dalğası elə iz qoyub ki, əksər məhsulların qiymətləri çox yüksəkdədir. Hazırkı statistika sadəcə, bahalaşmanın səngidiyini göstərir, ucuzlaşmanı deyil.
Ümumiyyətlə, ölkəmizdə istehlak məhsulları üzrə ciddi deflyasiyanın baş verdiyi heç vaxt qeydə alınmayıb və alınmır da. Kənarda qiymət artımları bizə həmişə tez təsir edir, ucuzlaşma isə yox. Sanki istehlak bazarımız yalnız bahalaşmaya adekvat qurulub. Bunu keçən ildəki təcrübə də əyani göstərdi. Qlobal bazarlarda ucuzlaşma 2023-cü ilin yanvarından müşahidə olunmağa başlasa da, bizdə inflyasiya ilin sonuna 8,8 % təşkil etdi.

Düzdür, sözügedən rəqəm əvvəlki illərdə ikirəqəmli həddə idi. Ancaq qlobal iqtisadi aktivliyin zəifləməsi, əmtəə, enerji və ərzaq qiymətlərində azalma səviyyəsi fonunda 8,8% heç də aşağı rəqəm deyildi. Çünki ölkəmizə inflyasiya idxalı xeyli dərəcədə məhdudlaşmışdı. Buna rəğmən, daxildə məcmu tələbin izafi artıma və xərc amillərinin aktivləşməyə meyilli olması cüzi bir səbəb və bəhanə axtarırdı ki, hər şey yenidən alovlansın.

Eyni vəziyyət yenə qalır. Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard 474,2 milyon manatlıq, o cümlədən 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb ki, dövriyyə real ifadədə 3,1% artıb. Pərakəndə ticarət şəbəkəsində xərclənilən vəsaitin 51,1 %-ni bilavasitə ərzaq məhsulları, 4,9%-ni içkilər və tütün məmulatları, 15,1%-ni toxuculuq məhsulları, geyim və ayaqqabılar, 5,4%-ni avtomobil benzini və dizel yanacağı, 4,5%-ni elektrik malları və mebellər, 2,3 %-ni əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 1,3%-ni kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları, 15,4%-ni isə digər qeyri-ərzaq malları təşkil edib.
Göründüyü kimi xərclənilən vəsaitin 50%-dən çoxu ərzağa gedib. Bu təkcə, tələbin artdığı deyil, həm də ərzaq məhsullarının baha olduğu göstəricisidir.

Qeyd oluna bilər ki, ən çox içkilərlə tütün məmulatlarının qiymətləri yüksəlib. Cari ilin ilk rübünün yekununa görə, tütün məmulatları keçən ilin eyni dövrüylə müqayisədə 11,7% bahalaşıb. Mineral suların, sərinləşdirici içkilərin və şirələrin qiyməti 3,3% artıb.

Ət və ət məhsullarının 4,3%, balıq və balıq məhsullarının 0,9%, süd və süd məhsulları ilə yumurtanın 0,2%, meyvələrin 7,6%, qənd, cem, bal, şokolad və konfetlərin 0,4%, digər kateqoriyalara aid edilməyən ərzaq mallarının 1,7%, həmçinin çay, qəhvə və kakaonun isə 0,2% qiymət yüksəlişinə uğradığı da nəzərə alınmalıdır.

Bir sözlə desəm, qiymətlərin bahalaşması zamanı ərzaq məhsulları elə bir “yüksəliş” əldə edib ki, bu sahədə qiymət səviyyəsi hələ də istehlak xərclərinin əsasını təşkil edir. Təəssüf ki, bundan sonra hər hansı ucuzlaşma gözlənilmir. Düzdür, ayrı-ayrı ərzaq mallarının dəyərində eniş ola bilər. Ancaq, ümumən ərzaq sahəsində nə qlobal miqyasda, nə də daxili bazarda ciddi qiymət endirimi baş verməyəcək.

Bu isə bir daha ölkəmizin ərzaq sahəsində təhlükəsizliyini qısa müddətə gücləndirməyi, daxili bazarın bu sahədə asılılığını ən minimum həddə endirməyi, qeyri-neft-qaz sektorunun inkişafında kənd təsərrüfatı məhsulları istehsalına xüsusi diqqət yetirməyi, ən zəruri istehlak malları üzrə kəskin bahaçılığa yol verməməyi tələb edir.

Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə ərzaq ucuz olmadığı halda, inflyasiya və bahalaşmanın statistikaya əsasən tənəzzülü sadəcə olaraq, alovun söndüyünə işarə sayılmalıdır, ocaqda közün də bitdiyinə deyil. Hər şey kiçik bir bəhanəyə bənddir.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ərzaq   İnflyasiya  





Xəbər lenti